Allah ağılla bilinir

ELM ADAMLARI ALLAHIN

DƏLİLLƏRİNİ TƏSDİQ EDİR

Kitabın əvvəlki səhifələrində araşdırdığımız məlumatlar kainatın elm ilə kəşf edilən xüsusiyyətlərinin Allahın varlığına işarə olduğunu göstərdi. Elmin gəldiyi nəticə kainatın bir Yaradıcısının olduğu və bu Yaradıcının çox üstün gücə, ağıla və biliyə sahib olmasıdır. Bu Yaradıcını tanımadığımızda bizə yolu din göstərir. Bu səbəbdən elmin dinin xəbər verdiyi həqiqətləri daha dəqiq görmək və araşdırmaq üçün istifadə etdiyimiz bir metod olduğunu söyləmək mümkündür. Lakin bu gün elm adı ilə ortaya çıxan insanların bir qismi çox fərqli düşüncəyə sahibdirlər. Onların düşüncəsinə görə, elmi kəşflər kainatı Allahın yaratdığını göstərmir. Əksinə, belələri elmi faktlara əsaslanıb Yaradıcının mövcudluğu qənaətinə gəlməyəcəklərini söyləyərək ateist bir elmi anlayışı inkişaf etdirmişlər. Başqa bir sözlə, elm ilə dinin bir-birilə zidd oduğu fikrini iddia etmişlər.

Beləliklə, təkamül nəzəriyyəsinə əsaslanaraq dinin elm ilə zidd olduğu irəli sürüldü. İngilis tədqiqatçıları Miçel Bikent, Riçard Leyk və Henri Linkoln bu barədə belə deyirlər: ''Darvindən yarım əsr öncə elm dindən ayrı deyildi, əksinə, onun bir parçasıydı və son məqsədi də ona xidmət etmək idi. Amma Darvinin zamanındakı elm o zamana qədər daşıdığı bu mənadan qoparıldı və özünü dinə qarşı mütləq bir rəqib və alternativ bir sistem kimi tanıtdı. Artıq insanlıq bu ikisi arasında bir seçim etmək məcburiyyətində qaldı''[27].

Din ilə elm arasındakı mövzu fərqi yuxarıda da bildirdiyimiz kimi, tamamilə ideoloji fərq idi. Materializmə iman edərcəsinə bağlanan bəzi elm adamları kainatın bir yaradıcısı olmadığını isbat etməyə başladılar və bu yöndə müxtəlif nəzəriyyələr irəli sürdülər. Təkamül nəzəriyyəsi bunların ən məşhuru və ən mühümü idi. Eyni şəkildə astronomiya sahəsində də ''statik vəziyyət nəzəriyyəsi'', ya da ''xaos nəzəriyyəsi'' kimi nəzəriyyələr inkişaf etdirildi. Ancaq elmin özü əvvəlki bölmələrdə də araşdırdığımız kimi, yaradılışı inkar edən bu nəzəriyyələri bir-bir alt-üst etdi.

Bu nəzəriyyələrə hələ də sadiq qalan inkarçı elm adamları isə özlərini Allaha inanmamaq üçün şərtləndirmiş, doqmatik və fanat adamlardır.

Tanınmış ingilis zooloqu və təkamül nəzəriyyəsi tərəfdarı D.M.Vatson özünün və digər məsləkdaşlarının təkamül nəzəriyyəsini nə üçün qəbul etdiklərini açıqlayarkən bu doqmatizmi belə etiraf edir: ''Təkamül nəzəriyyəsinin geniş kütlələr tərəfindən qəbul edilən bir nəzəriyyə olmasının səbəbi bu nəzəriyyəni isbat edəcək kifayət qədər dəlilin olması deyil, ancaq alternativin, yəni qeyri-təbii yaradılışın bütünlüklə qəbul edilməz olmasıdır''[28].

Vatsonun ''qeyri-təbii yaradılmış'' ifadəsi ilə nəzərdə tutduğu məna hər şeyi Allahın yaratmasıdır. Bu elm adamı göründüyü kimi, bunu ''qəbul edilməz'' zənn etməkdədir. Nə üçün? Elm belə dediyi üçünmü? Xeyr, əksinə, elm yaradılışın doğruluğunu isbat edir. Vatsonun bunu qəbul edilməz saymasının tək səbəbi özünün dediyini yeritmək istəməsidir. Digər bütün təkamül nəzəriyyəsi tərəfdarları da bu vəziyyətdədirlər.

Təkamül nəzəriyyəsi tərəfdarları elmə deyil, materialist fəlsəfəyə bağlıdırlar və elmi bu fəlsəfəyə uyğunlaşdırmaq üçün dəyişdirirlər.

Harvard Universitetinin tanınmış genetiki və qatı təkamülçü olan Riçard Lefonten bu doğru həqiqəti belə etiraf edir: ''Bizim materializmə bir inancımız var və bu ''apriori'' (öncədən qəbul edilmiş, doğru hesab olunan) inancdır. Bizi dünyaya materialist açıqlama verməyə məcbur edən şey elmin metodları və qanunları deyil. Əksinə, materializmlə olan ''apriori'' bağlılığımız üzündən dünyaya materialist bir açıqlama gətirən araşdırma metodları və anlayışları quraşdırırq. Materializm mütləq doğru olduğuna görə də, ilahi bir açıqlamanın meydana çıxmasına icazə verə bilərik''[29].

Digər tərəfdən, bu doqmatik materialist qrupun qarşısında tarixdə olduğu kimi, bu gün də Allahın varlığını təsdiq edən, hətta elmi Allahı tanımağın bir yolutək görən elm adamları vardır. Xüsusilə ABŞ-da sürətlə inkişaf edən ''Greationizm'' (Yaradıcılıq), ya da ''İntellegent Design'' (Şüurlu Dizayn) elmi cərəyanları canlıların Allah tərəfindən yaradıldıqlarını elmi sübutlarla ortaya qoyurlar.

Bu isə bizə elmin dinin irəli sürdüyü mütləq həqiqətləri təsdiqləyən bir metod olduğunu göstərir. Din-elm ziddiyəti bəlkə sadəcə olaraq ilahi qaynaqların içinə mövhumat qatmış olan bəzi dinlər üçün doğru ola bilər. Ancaq Allahın saf vəhyinə dayanan İslam üçün doğru ola bilməz. Aşağıdakı Quran ayəsində buna işarə edilir: ''Məgər onlar başlarının üstündəki göyə baxıb, onu necə yaratdığımızı və orada heç bir yarıq olmadığını görmür­lərmi?!'', ''Eləcə də, yeri necə döşədiyimizi, orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl meyvə yetişdirdi­yimizi görmürlərmi?! Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və (arpa, buğda və s. kimi) biçilən taxıl dənələri yetişdirdik. Həm də tumurcuqları bir-birinin üstünə düzülmüş hündür xurma ağacları bitirdik'' (''Qaf'', 50/6-7, 9-10).

Yuxarıdakı ayələrdə də göründüyü kimi, Quranda insan daima düşünməyə, içində yaşadığı dünya ilə əlaqədar hər şeyi araşdırmağa təşviq edilir. Çünki elm dini dəstəkləyir, insanı cahillikdən qurtarmağa, daha şüurlu düşünməyə sövq edir, onun düşüncə dünyasını genişləndirib kainatda aydın görünən Yaradıcının izlərini dərk etməsinə yardımçı olur.

Əsrimizin ən böyük dühası sayılan və Allaha inanan Albert Eynşteyn ''Dərin bir imana sahib olmayan həqiqi bir elm adamı təsəvvür edə bilmirəm. Bu vəziyyət belə ifadə edilə bilər: dinsiz elmə inanmaq mümkün deyil'' deyərək, elmin dinə olan dəstəyini dilə gətirmişdir[30].

Müasir fizikanın banisi Maks Plank isə demişdir: ''Hansı sahədə olursa-olsun, elmlə ciddi şəkildə maraqlanan hər kəs elm məbədinin qapısındakı bu yazını oxuyacaqdır: ''İman et''. İman elm adamının əvəz edilməz xüsusiyyətidir''[31].

Kitabda bura qədər toxunulan mövzular, kainatın və canlıların əmələ gəlmələrinin təsadüflərlə izah olunmadığını açıq göstərmişdir. Apardıqları araşdırmalarla elm dünyasına istiqamət verən bir sıra elm adamları da bu böyük həqiqəti təsdiq etmiş və hələ də etməkdədirlər. Çünki insanlar kainat haqqında nə qədər çox şey öyrənsələr, ondakı qüsursuz quruluşa olan heyranlıqları da o qədər artmaqdadır. Hər yeni tapılan elmi fakt ''Yaradılış''ı inkaredilməz şəkildə dəstəkləyir.

XXI əsrə girərkən müasir fiziklərin əksəriyyəti də yaradılış həqiqətini qəbul edir. Devid Darlinq belə deyir: ''Zaman yox idi, kosmos idi. Maddə və enerji yox idi. Heç bir şey yox idi. Ən kiçik bir nöqtə, bir boşluq belə yox idi. Bu yoxluqdan qeyri-adi kiçik bir tərpəniş göründü. Balaca bir titrəmə. Yüngül bir dalğalanma, müəyyən, qeyri-müəyyən bir girdab. Bu kosmik qutunun qapağı açıldı və altından yaradılış möcüzəsinin cücərtiləri göründü''[32].

Bunlarla yanaşı, bir çox elm sahələrinin qurucularının Allaha və Onun müqəddəs kitablarına inanan bəndələr olduqları bilinir. Tarixdəki ən böyük fiziklər arasında Nyuton, Faradey, Kelvin və Maksvel bəhs edilən elm adamlarına misaldırlar.

Tanınmış fizik İsaak Nyutonun dövünrdə elm adamları dünya üzərindəki cismlərin və planetlərin hərəkətlərinin müxtəlif qanunlarla açıqlana biləcəyinə inanırdılar. Nyuton isə dünya və kosmosun Yaradıcısının tək olduğunu, buna görə də eyni qanunlarla açıqlanması lazım gəldiyini müdafiə edirdi. Bu mühüm fikrini də kitabında belə açıqlayırdı: ''Günəşin, planetlərin və quyruqlu ulduzların bu mükəmməl sistemi ancaq güclü və ağıllı bir varlığın nəzarəti və hakimiyyəti ilə irəliləyə bilir''[33].

Göründüyü kimi, orta əsrdən bəri fizika, riyaziyyat və astronomiya sahələrində araşdırmalar aparan yüzlərlə elm adamı kainatın tək bir Yaradıcı tərəfindən yaradıldığı fikrində birləşmişlər və həmişə eyni nöqtəyə diqqət vermişlər. Fiziki-atronomiyanın qurucusu və inanclı elm adamlarının parolu olan ''Allah yaratdığı hər şeydə özünü göstərir'' fikrini ortaya atan ilk elm adamı Yohannes Keppler kitablarından birində Allaha olan səmimi inancını bu cür dilə gətirmişdir: ''Bizlər Allaha möhtac aciz qullar olaraq öz ağlımıza nisbətdə Allahın ağlının böyüklüyünü, ucalığını görməli və Ona təslim olmalıyıq''[34].

Termodinamikanı quran böyük fizik Vilyam Tompson (Lord Kelvin) da Allaha inanan bir xristian idi. O, şiddətlə Darvinin təkamül nəzəriyyəsinə qarşı çıxmış və bu nəzəriyyəni tamamilə rədd etmişdir. Ölümündən bir az öncə də belə bir açıqlama vermişdi: ''Həyatın mənşəyinə baxdığımız zaman elm qəti bir şəkildə o Böyük Qüdrətin varlığını təsdiq edir''[35].

Oksford Universitetinin professoru, fizik Robert Mateus 1992-ci ildə yazdığı kitabında DNT molekullarının Allah tərəfindən yaradıldığını belə ifadə edir: ''Bütün bu proseslər mükəmməl harmoniya ilə bircə hüceyrədən canlı bir körpəyə, daha sonra kiçik bir uşağa, nəhayət yetişkin bir insana qədər davam edir. Bu hadisələr biologiyanın bütün mərhələlərində göründüyü kimi, ancaq bir möcüzə ilə açıqlana bilər. Necə olur ki, belə mükəmməl və kompleks bir orqanizm bu qədər bəsit və kiçik bir hüceyrədən əmələ gəlir? Kiçik bir nöqtədən də balaca hüceyrədən möhtəşəm bir insan yaradılır? Bu möcüzədən başqa bir şey deyildir''[36].

İstilik enerjisi sahəsində saysız araşdırmalar apararaq mükafatlar alan, ''mexaniki istilik funksiyası''nı və termodina­mikanın birinci qanununu kəşf Ceyms Coul da elm haqqındakı inancını belə ifadə etmişdir: ''Allahın istəklərini öyrəndikdən və itaət etdikdən sonra görəcəyiniz digər iş Onun ağlını, gücünü və yaxşılığını etdiyi işlərdən başa düşməkdir. Təbiət qanunlarını bilmək Allahı bilməkdir''[37]. Elmi metodun qurulmasında mühüm rolu olan alim Bekonun sözləri də onun Allaha inancının göstəricisidir: ''Xətalarımızın qarşısını almaq üçün üzərində durulması lazım olan iki yol göstərənimiz var: birinci Allahın vəhyi olan müqəddəs Quran, ikincisi isə Allahın gücünü ifadə edən məxluqat[38].

Yaradılmış olan hər şey yaradanın gücünü və bacarığını üzə çıxarır, o zaman bütün bunlar Allahın işidir və yaradan varlığın hər şeyi yarada biləcək gücdə olduğunu və ağlını göstərir. Dünya Allahın məhsuludur''[39].

Kainatın bir Yaradıcı tərəfindən var edildiyini qəbul edən və həyatlarında bu xüsusiyyətləri ilə tanınan elm adamlarından bir qismi də bunlardır: Robert Boyl (müasir kimyanın atası), Lona Villiam Peti (statik və müasir iqtisadiyyat çalışmaları ilə tanınırdı), Maykl Faradey (bütün zamanların ən böyük fiziklərindən biri), Qreqori Mendel (genetikanın atası, genetika elmindəki tapıntıları ilə darvinizmi mənasız hesab etmişdir), Luis Paster (bakterialogiya sahəsində məşhur alim, darvinizmə qarşı çıxmışdır), Con Dalton (atom nəzəriyyəsinin atası), Paskal Blez (məşhur riyaziyyatçı), Con Ray (ingilis təbiət tarixinin ünlü siması), Nikolas Sten (yer qatlarını araşdıran tanınmış yerşünas), Karl Linney (bioloji siniflənmənin atası), Georg Kuver (ixtiraçı astronom), Matthev Mari (okeanoqrafiya ixtiraçısı), Tomas Anderson (orqanik kimya sahəsində təcrübələr aparan ilk adamlardan biri), &Ccedilarlz Bell (beyinin və sinir sisteminin xəritəsini ilk dəfə tərtib edən adam), Cen Henri Fabr (müasir entomologiyanın banisi), Con Ambros Fleminq (müasir elektrikin banisi), Ceyms Maksvel (elektromaqnit nəzəriyyəsinin banisi).

ELMİ HƏQİQƏTLƏR

VƏ QURAN MÖCÜZƏSİ

Quran 14 əsr əvvəl Allah tərəfindən yer üzünə endirilmişdir. Quran bir elm kitabı deyildir. Ancaq içərisində bir sıra elmi açıqlamalar vardır. Bu açıqlamalarda müasir elmin ixtiraları ilə kəşf edilən bəzi həqiqətlər bildirilmişdir. Bu da bizə Quranın Allahın varlığını bildirən ən mühüm dəlillərdən biri olduğunu açıq göstərir.

QURAN GÖZÜ İLƏ KAİNATA BAXIŞ

Kainatın əmələ gəlməsi

Qurani-Kərimdə kainatın ortaya çıxması belə açıqlanır: ''O göyləri və yeri yoxdan var edəndir..'' (''Ənam'', 6/101).

Quranda verilən bu məlumat çağdaş elmin ixtiraları ilə tam bir uyğunluq içindədir. Bu gün astrofizikanın gəldiyi qəti nəticə bütün kainatın maddə və zaman ölçüləri ilə birlikdə bir başlanğıc anında böyük partlayışla əmələ gəldiyi qənaətidir. ''Böyük partlayış'' -orijinal adı ilə ''Biq Banq'' nəzəriyyəsi bütün kainatın təxminən 15 milyard il öncə tək bir nöqtənin partlaması ilə yoxluqdan meydana gəldiyini sübut etmişdir. ''Böyük partlayış'' nəzəriyyəsi bu gün kainatın əmələ gəlməsi və başlanğıcı mövzusunda bütün elmi dairələr tərəfindən qəbul edilən yeganə elmi izahdır.

''Binq Banq''dan əvvəl maddə deyilən bir şey yox idi. Maddənin, enerjinin, hətta zamanın belə olmadığı, tamamilə metafizik olaraq müəyyən edilə biləcək bir yoxluq şəraitində maddə, enerji və zaman yaradılmışdır. Müasir fizika­nın ortaya qoyduğu bu böyük həqiqət Quranda bizə 1400 il öncədən xəbər verilir.

Astronomiya elminin hələ inkişaf etməmiş olduğu bir dövrdə, 14 əsr öncə endirilən Quran-i Kərimdə kainatın genişləndiyindən bu cür bəhs edilir: ''Biz göyü qüdrətimizlə yaratdıq və Biz qadirik'' (''Zariyat'', 51/47).

Kainat ilk partlayış­dan bəri hər an böyük bir sürətlə genişlənməkdədir. Elm adamları genişlənən kainatı üfürülən şarın səthinə bənzədirlər.

Ayədə göstərilən ''göy'' kəlməsindən Quranın bir çox yerində kosmos və kainat mənasında istifadə olunur. Burada da bu mənada istifadə olunmuşdur.

Ötən əsrin əvvəlinədək elm dünyasında hakim olan tək baxış ''kainatın dəyişməz quruluşa malik olduğu və sonsuzdan bəri davam etdiyi'' şəklində idi. Ancaq müasir texnologiya sayəsində aparılan araşdırma, müşahidə və hesablamalar kainatın bir başlanğıcının olduğunu və onun sürətlə ''genişləndiyini'' üzə çıxartdı.

Rus fiziki Aleksandr Fredman və belçikalı kainat alimi Georges Lemaytr keçən əsrin əvvəllərində kainatın fasiləsiz hərəkət halında olduğunu və genişləndiyini nəzəri olaraq hesabladılar. Bu həqiqət 1929-cu ildə müşahidələrlə sübut olundu. Amerikalı astronom Edvin Habbl istifadə etdiyi nəhəng teleskopla göy üzünü araşdırarkən ulduzların və qalaktikaların sürətli olaraq bir-birilərindən uzaqlaşdıqlarını kəşf etdi. Hər şeyin davamlı olaraq bir-birindən uzaqlaşması isə kainatın sürətlə ''genişlənməsi'' demək idi. Kainatın genişlənməkdə olduğu sonrakı illərdəki müşahidələrlə yəqinlik qazandı.

Ancaq bu həqiqət hələ heç bir insan tərəfindən bilinmədiyi halda Quranda əsrlər öncə açıqlanmışdı. Çünki Quran bütün kainatın yaradıcısı və hakimi olan Allahın sözüdür.

''Göylərlə Yer''in bir-birindən ayrılması

Göylərin yaradılışından bəhs edən başqa ayədə belə deyilir: ''Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilirlərmi?! Yenə də iman gətirməzlər?'' (''Ənbiya'', 21/30).

Ayənin ''bir-birilə bitişik'' kimi tərcümə edilən ''ratq'' kəlməsi ərəbcə lüğətlərdə ''bir-birilə iç-içə, ayrılmaz, qaynayıb-qarışmış'' mə­na­­la­rını ifadə edir. Yəni tam bir bütünü əmələ gətirən iki maddəni tanımaq üçün bu kəlmə istifadə olunur. Ayədə gedən ''ayırdığımız'' ifadəsi isə ərəbcə ''fatq'' felidir ki, bu fel ''ratq'' halındakı bir obyekti yarıb, parçalayıb çölə çıxmaq mənasına gəlir. Məsələn, toxumun cücərərək torpaqdan çölə çıxması ərəbcədə bu fellə ifadə edilir.

İndi təkrar baxaq: ayədə göylərlə yerin bir-birilə bitişik, yəni ''ratq'' halda olduğu bir vəziyyətdən bəhs edilir. Dalınca isə bu ikisi ''fatq'' feli ilə ayrılırlar. Yəni biri digərini yararaq çölə çıxırlar. Həqiqətən də, ''Biq Banq''ın ilk anını xatırladığımız zaman tək bir nöqtənin kainatın maddəsini içində topladığını görürük.

Yəni hər şey, hətta hələ yaradılmamış olan ''göylər və yer'' belə bu nöqtənin içində ''ratq'' halındadırlar. Sonra isə bu nöqtə şiddətlə partlayır və bu yolla maddələr ''fatq'' olurlar...

Ayədə verilən ifadələri elmi ixtiralarla müqayisə elədiyimiz zaman tam bir harmoniya içində olduqlarını görürük. 14 əsr öncə xəbər verilmiş olan bu ixtiraların elmi olaraq ortaya qoyulması isə ancaq XX əsrdə mümkün olmuşdur.

Orbitlər

Quranda Günəş və Aydan bəhs edilərkən hər birinin müəyyən orbiti olduğu belə vurğulanır: ''Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların hər biri səmada üzür''. (''Ənbiya'', 21/33).

Günəşin hərəkətsiz olmadığı, öz orbiti ətrafında fırlandığı başqa bir ayədə də belə göstərilir: ''Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvə sahibi olan və hər şeyi bilən Allahın əzəli hökmüdür'' (''Yasin'', 36/38).

Quranda bildirilən bu həqiqətlər ancaq zamanımızdakı astronomik müşahidələrlə təsdiqini tapmışdır. Astronomiya mütəxəssislərinin hesablamalarına görə, Günəş ''Solar Apeks'' adı verilən bir orbit boyunca Veqa ulduzu istiqamətində saatda 720 min kilometr sürətlə hərəkət etməkdədir. Bu, Günəşin təxminən gündə 17 milyon, 280 min kilometr yol qət etməsi deməkdir. Günəşlə birlikdə onun cazibə sistemi içindəki bütün planetlər və peyklər də eyni məsafəni qət edirlər. Bundan başqa, kainatdakı bütün ulduzlar da buna bənzər planlı hərəkətdədirlər.

Bütün kainatın bu şəkildə orbitlərlə təchiz olunduğu Quranda bu sayaq ifadə olunmuşdur: ''Cürbəcür ulduz yolları olan göyə and olsun'' (''Zariyat'', 51/7).

Kainatda təxminən 200 milyard qalaktika mövcuddur və hər qalaktikada 200 milyard ulduz var.

Bu ulduzların bir çoxunun orbitləri, bu orbitlərin də peykləri vardır. Bütün bu göy cismlərinin çox incə hesablarla müəyyən olunmuş orbitləri vardır. Və milyonlarla ildir hər biri öz orbitində digərləri ilə qüsursuz bir uyğunluq və quruluş çərçivəsində hərəkət edir.

Kainatdakı orbitlər sadəcə olaraq göy cisimlərinə aid deyildir. Qalaktikalar da heyrətləndirici sürətlə planlı və hesablı orbitlər üzərində hərəkət edirlər. Bu hərəkətləri əsnasında heç bir göy cismi digərilə toqquşmaz, yolları kəsişməz.

Əlbəttə, Quranın endirildiyi dövrdə insanlıq günümüzdəki kimi, kosmosu milyonlarla kilometr uzaqlaradək müşahidə etməyə imkan verən teleskoplara, inkişaf etmiş müşahidə texnologiyalarına, müasir fizika və astronomiya biliklərinə sahib deyildi. Buna görə də kosmosun ayədə bildirildiyi kimi, ''dəqiq yollar və orbitlərlə təhciz olunmuş'' olduğunu o dövrdə elmi cəhətdən təsbit edə bilmək mümkün deyildi. Ancaq o dövrdə endirilmiş olan Quran-i Kərimdə bu həqiqət bizlərə açıq xəbər verilmişdir, çünki Quran Allahın sözüdür.

DÜNYANIN DAİRƏVİ OLMASI

''Allah göyləri və yeri haqq olaraq yaratdı. O gecəni gündüzün üstünə sarıb örtür, gah gündüzü, gah da gecəni uzadır'' (''Zumər'', 39/5).

Quranın kainatı tanıdan ayələrində istifadə olunan ifadələr kifayət qədər diqqət çəkir. Yuxarıdakı ayədə ''sarıb örtmək'' kimi tərcümə edilən ərəb kəlməsi ''təkvir''dir. Bu kəlmənin azərbaycanca qarşılığı ''dairəvi bir şeyin üzərinə bir cism örtməkdir''.

Ayədə gecənin və gündüzün bir-birinin üzərlərini sarıb-örtmələri (''təkvir'' etmələri) mövzusunda verilən bilik eyni zamanda dünyanın quruluşu mövzusunda qəti məlumat verməkdədir. Ancaq və ancaq yerin dairəvi olması halında bu ayədə ifadə edilən fel baş verə bilər. Yəni VII əsrdə endirilən Quranda Yerin dairəvi olduğuna işarə edilmişdir.

Unutmamaq lazımdır ki, o dövrdəki astronomiya anlayışı dünyanı daha fərqli təsəvvür edirdi. O dövrdə Yerin düz səthə malik olduğu düşünülürdü və bütün elmi hesablar, açıqlamalar da buna görə edilirdi. Quran ayələri isə bizə hələ indi-indi öyrəndiyimiz bilikləri verməkdədir. Quran Allahın sözü olduğu üçün kainatı xarakterizə edərkən ən doğru kəlmələr istifadə olunmuşdur.

QORUYUCU TAVAN

 Quranda Allah göy üzünün maraqlı bir xüsusiyyətinə belə diqqət çəkir: ''Göyü qorunub saxlanılan bir tavan etdik. Halbuki kafirlər ayələrimizdən üz döndərirlər'' (''Ənbiya'', 21/32).

Göy üzünün ayədə göstərilən bu xüsusiyyəti XX əsrdəki elmi araşdırmalarla sübut olunmuşdur.

Yer kürəsinin hər tərəfini əhatə edən atmosfer canlılığın davamı üçün son dərəcə həyati prosesləri yerinə yetirir. Yerə doğru yaxınlaşan irili-xırdalı bir çox meteoriti əridib yox edir və onların yer üzünə düşərək canlılara zərər verməsinə mane olur.

Atmosfer həmçinin kosmosdan gələn və canlılar üçün zərərli olan şüaları da filtrasiya edir. İşin maraqlı olan tərəfi atmosferin sadəcə olaraq zərərsiz şüaları, yəni işığı, infraqırmızı şüaları və radio dalğalarını keçirməsidir.

Əgər ''qoruyucu tavan'' olmasaydı, dünyanı gözləyən təhlükələr sayı-hesabı olmazdı...

Bunların hamısı həyat üçün lazımlı şüalardır. Məsələn, atmosfer tərəfindən müəyyən nisbətdə keçməsinə izn verilən ultrabənövşəyi şüalar bitkilərin fotosintez etmələrini və başqa bir ifadə ilə, bütün canlıların həyatda qalmalarını təmin edir. Ancaq yayılan şiddətli ultrabənövşəyi şüaların böyük hissəsi atmosferin ozon təbəqəsində süzülür və Yer səthinə həyat üçün gərəkli olan az bir qismi çatır.

Atmosferin qoruyucu xüsusiyyəti bunlarla bitmir. Yer kosmosun təqribən mənfi 270 dərəcəlik dondurucu soyuğundan yenə atmosfer sayəsində qorunur.

Yeri zərərli təsirlərdən qoruyan yalnız atmosfer deyildir. Atmosferlə birlikdə, ''Van Allen Qurşaqları'' adlanan və yerin maqnit sahəsindən qaynaqlanan bir təbəqə də planetimizə gələn zərərli şüalara qarşı qalxan vəzifəsini yerinə yetirir. Günəşdən və digər ulduzlardan davamlı olaraq yayılan bu şüalar insanlar üçün öldürücü təsirə malikdir. Xüsusilə Günəşdə tez-tez meydana gələn və ''parlama'' adı verilən enerji partlayışları Yerdəki bütün həyatı yox edə biləcək gücdədir.

Van Allen Qurşaqlarının həyatımız üçün əhəmiyyətini doktor Hüq Ross belə izah edir: ''Yer Günəş sistemindəki planetlər arasında ən yüksək sıxlığa sahibdir. Yerin maqnit sahəsi Van Allen radiasiya qoruyucu təbəqəsini meydana gətirir. Bu təbəqə yer üzünü radiasiya bombardmanından qoruyur. Əgər bu qoruyucu təbəqə olmasaydı, Yerdə həyat olmazdı. Maqnit sahəsi olan və qayalıqlardan əmələ gələn digər tək planet Merkuridir. Fəqət, onun maqnit sahəsinin gücü Yerinkindən 100 dəfə azdır. Van Allen radiasiya qoruyucu təbəqəsi Yer kürəsinə məxsusdur''[40].

Keçdiyimiz illərdə təsbit edilən bir partlayışda ortaya çıxan enerjinin Hirosimaya atılanın atom bombalarından 100 milyard dəfə daha güclü olduğu hesablanmışdır. Partlayışdan 58 saat sonra kompasların əqrəblərində həddən çox hərəkətlər müşahidə edilmiş, Yer atmosferinin 250 kilometr üzərində istilik 2500 dərəcə C-yə yüksəlmişdir.

Qısası, Yerin üzərində onu əhatə edən və xarici təhlükələrdən qoruyan mükəmməl bir sistem işləyir.

DAĞLARIN VƏZİFƏSİ

Quranda dağların mühüm geoloji funksiyasına işarə edilməkdədir: ''Yer onları silkələməsin, atıb-tutmasın deyə, orada möhkəm dağlar yaratdıq..'' (''Ənbiya'', 21/31).

Diqqət etsək, ayədə dağların yer üzündəki silkələnmə­lərin qarşısını alma xassəsinə malik olduğu xəbər verilməkdədir.

Quranın nazil edildiyi dövrdə heç bir insan tərəfindən bilinməyən bu həqiqət günümüzdə müasir geologiyanın kəşfləri nəticəsində ortaya çıxarılmışdır. Bu kəşflərə görə, dağlar yer qabığını əmələ gətirən çox böyük təbəqələrin hərəkətləri və toqquşmaları nəticəsində meydana gəlir. İki təbəqə toqquşduğu zaman daha möhkəm olanı o birinin altına girir. Üstdə qalan təbəqə qıvrılaraq yüksəlir və dağları meydana gətirir. Yəni dağların yer üzündə gördüyümüz kütlələri qədər yer altına işləyən böyük çıxıntıları da var. Elmi bir qaynaqda dağların bu quruluşu belə təsvir edilir: ''Qitələrin daha qalın olduğu bölgələrdə yer qabığı mantiya qatına dərinləməsinə sancılır''[41].

Bir ayədə dağların bu işinə ''dirək'' bənzətməsi qiyaslanaraq belə deyilir: ''Məgər Biz yeri döşək etmədikmi?! Dağları da dirək?!'' (''Nəbə'', 78/6-7).

Bu xüsusiyyətlər sayəsində dağlar yer təbəqələrinin birləşmə nöqtələrində yer üstünə və yer altına doğru uzanaraq bu təbəqələri bir-birinə geydirir. Bu şəkildə yer qabığını sabitləşdirərək onun maqma təbəqəsi üzərində, ya da öz təbəqələri arasında sürüşməsinə mane olur. Qısası, dağları taxtaları bir yerdə saxlayan mismarlara bənzədə bilərik.

Dağların bu sabitləşdirici xüsusiyyəti elmi ədəbiyyatda ''izostasiya'' termini ilə tanınır. İzostasiyanın mənası belədir: ''İzostasiya dağların yerin altında əmələ gətirdikləri cazibə qüvvəsi sayəsində yer qabığının ümumi tarazlığının təmin olunmasıdır''[42].

Göründüyü kimi, dağların müasir geologiya və seysmik araşdırmalar nəticəsində kəşf edilən çox həyati bir funksiyası yüz illər öncə endirilmiş olan Quran-i Kərimdə Allahın yaratmasındakı üstün hikmətə bir örnək olaraq verilmişdir. Başqa bir ayədə belə buyrulur: ''Allah göyləri, gördüyümüz kimi dirəksiz yaratmış, sizi yırğalamasın, atıb-tutmasın deyə, yerdə möhkəm durmuş dağlar bərqərar etmişdir'' (''Loğman'', 31/10).

DƏMİRDƏKİ SİRR

Dəmir Quranda diqqət yetirilən elementlərdən biridir. Quranın ''Hədid'', yəni ''Dəmir'' adlı surəsində belə buyrulur: ''...Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də endirdik..'' (''Hədid'', 57/25).

Ayədə dəmir üçün xüsusi işlədilən ''endirmə'' kəlməsi məcazi olaraq insanların xidmətinə verilmə mənasında başa düşülə bilər. Fəqət, kəlmənin ''göydən fiziki olaraq endirmə'' şəklindəki həqiqi mənasına diqqət verildiyi zaman ayənin çox mühüm elmi möcüzə olduğu görülür. Çünki müasir astronomiya kəşfləri Yerdəki dəmir mədəninin kosmosdakı böyük ulduzlardan gəldiyini ortaya qoymuşdur. Kainatda ağır metallar böyük ulduzların nüvələrində hazırlanır. Günəş sistemi isə dəmir elementini öz quruluşunda hazırlaya bilən bir xassəyə malik deyildir. Dəmir ancaq Günəşdən çox böyük ulduzlarda bir neçə yüz milyard dərəcəyə çatan istidə əmələ gələ bilməkdədir. Nova və Supernova adlandırılan bu ulduzlardakı dəmirin miqdarı müəyyən nisbəti keçəndə artıq ulduz onu saxlaya bilmir və partlayır. Bu partlayış nəticəsində içində dəmir olan göy daşları kosmosa dağılır və bir göy cisminin cazibəsinə düşüb toqquşana qədər boşluqda dolaşır.

Bütün bunlardan başa düşüldüyü kimi, dəmir mədəni Yerdə əmələ gəlməmiş, göy daşları vasitəsilə supernovalardan daşınaraq ayədə bildirildiyi şəkildə ''yerə endirilmişdir''. Məlumatın Quranın endirilmiş olduğu VII əsrdə elmi şəkildə təsbit edilə bilinməyəcəyi isə aydındır. Ancaq bu həqiqət hər şeyi sonsuz biliyi ilə əhatə edən Allahın sözü olan Quranda vardır.

Bununla belə, içində dəmirdən bəhs edilən ''Hədid'' surəsinin 25-ci ayəsi olduqca maraqlı iki riyazi şifrədən ibarətdir.

''Hədid'' Quranın 57-ci surəsidir. ''Hədid'' kəlməsinin ərəbcədəki riyazi dəyəri, yəni ''əbcəd''i hesablanarkən qarşımıza çıxan rəqəm də eynidir: ''57''. ''Hadid'' kəlməsinin riyazi dəyəri isə 26-dır. 26 da dəmirin atom sayıdır.


27. Michael Baigent, Richard Leigh, Henry Lincoln, The Messianic Legacy, Gorgi Books, London: 1991, s. 177-178.
28. D.M.S. Watson, "Adaptation", Nature, say? 124, s. 233.
29. Richard Levontin, "The Demon-Haunted World", The New York Review of Books, January 9, 1997. s. 28.
30. Einstein, Science, Philosophy and Religion; A Symposium, 1941, ch.13
31. J.De Vries, Essential of Physical Science, Wm.B.Eerdmans Pub.Co., Grand Rapids, SD 1958, s. 15 (Isaac Newton, Principia, II.Bas?m)
32. Timothy R. Stout, Tim Stout's Creation-Science Page, Chapter: Great Scientist Who Believed In a Creator God.
33. Timothy R. Stout, Tim Stout's Creation-Science Page, Chapter: Great Scientist Who Believed In a Creator God.
34. Umit Simsek, Big Bang: Kainat?n Dogusu, s. 55.
35. David Daryling, Deep Time, 1990.
36. Unravelling The Mind Of God, s.8/Task?n Tuna, Uzay?n Otesi, s. 47.
37. James Joule, Scientists of Faith, Dan Graves, Kregel Resources, 1996, s.133
38. Henry M. Morris, Men of Science Men of God, Great Scientists who Believed the Bible, Ekim 1992, Master Books, s.15
39. Michael Bumbulis, Phd Christianity and the Birth of Science, http://www.best.com/~dolphin/asstbib.fhtml
40. http://www.jps.net/bygrace/index. html Taken from Big Bang Refined by Fire by Dr. Hugh Ross, 1998. Reasons To Believe, Pasadena, CA.
41. General Science, Carolyn Sheets, Robert Gardner, Samuel F. Howe; Allyn and Bacon Inc. Newton, Massachusetts, 1985, s. 305
42. Webster's New Twentieth Century Dictionary, 2. edition "Isostasy", New York, s. 975